Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən iş adamı Tapdıq Namazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
ONA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Sonra prokuror cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Buna görə də proses aprelin 22-dək təxirə salınıb.
İttihama görə, T.Namazov Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbərlərindən biri olub. O, eyni mənzili bir neçə nəfərə satmaq yolu ilə dələduzluqda ittiham edilir. Belə ki, T.Namazovun vasitəsilə şirkət tərəfindən 18 nəfərə 31 mənzil satılıb və vətəndaşlara 568 min manatlıq ziyan dəyib. T.Namazov barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk edib. Onun barəsində axtarış qərarı çıxarılıb və Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.