• HADİSƏ

    15:50 12 aprel 2019

"Azərbaycan Dəmiryolu Yolları" QSC Binədəki qəzaya görə mülki iddia qaldırıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qatarla avtobusun toqquşması faktına görə dispetçer Mübariz Fərəcov və sürücü Əlixan Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

ONA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlərdən iki nəfər iştirak edib. Onlar mülki iddialarının olmadığını, marşrut xəttinin rəhbərliyinin məhkəməyə gətirilmələrini, dindirilmələrini və məsuliyyətə cəlb edilmələrini istəyib. "Azərbaycan Dəmiryolu Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndəsi məhkəməyə mülki iddia təqdim edib. Təqsirləndirilən şəxsdən dəymiş zərər olaraq 53 min manat tələb edilib. Hakim bildirib ki, istintaq zamanı qəzada zərərçəkən şəxslər mülki iddialarının olduğunu, onlara dəymiş zərərin ödənilməsini istəyiblər. Bu səbəbdən də hakim məhkəmənin təxirə salınmasını istəyib.

Məhkəmə iclası aprelin 19-da davam etdiriləcək.

Qeyd edilib ki, ötən il oktyabrın 1-də saat 14:30 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qorunan dəmir yolu keçidində yük qatarı ilə Şirəliyev Əlixan Əlibala oğlunun 160 nömrəli marşrut üzrə idarə etdiyi "Ayşən LTD" MMC-yə məxsus "Daewoo" markalı 10-TG-106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun toqquşması nəticəsində 2006-ci il təvəllüdlü Dadaşzadə Yusif Tahir oğlu və 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu vəfat edib, 40 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bildirilib ki, fakta görə Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Ə.Şirəliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla həmçinin, qəzaya səbəb olan sürücünün hadisə baş verən gün tibbi müayinədən keçirilmədən reysə buraxılması müəyyən edildiyindən “Ayşən LTD” MMC-də dispetçer işləyən M.Fərəcov Cinayət Məcəlləsinin 265-1.3-cü (Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra M.Fərəcov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR