• HADİSƏ

    18:05 1 avqust 2019

Azərbaycan Fərman Ceyranlını İnterpol xətti ilə axtarışa verib

Azərbaycan hüquq-mühafizə orqanları “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlını İnterpol xətti ilə axtarışa verib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1957-ci il təvəllüdlü Fərman Ceyranlı insan orqanlarının və ya toxumalarının qanunsuz transplantasiyasında təqsirli bilinir.

Azərbaycan hüquq-mühafizə orqanları F.Ceyranlının barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Qeyd edək ki, F. Ceyranlı 2017-ci ilin may ayında Gürcüstanda saxlanılıb. F. Ceyranlının həmtəsisçisi olduğu “Lanset” klinikası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətdə klinikada qanunsuz orqan transplantasiya əməliyyatının icra edildiyi və bu əməliyyatlar zamanı iki nəfərin öldüyü bildirilib. F. Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. 2018-ci ilin fevral ayında məhkəmənin qərarı ilə F. Ceyranlı 6 il müddətinə azadlıqdan məhrum olunub. 2018-ci ilin dekabr ayında isə Gürcüstan Apelyasiya Məhkəməsinin qərarı ilə F. Ceyranlı barəsində 6 il azadlıqdan məhrumetmə cəzası 2 il 3 ayadək azaldılıb. Onun 2 il 3 aylıq cəzası bu ilin avqust ayında başa çatır.

Xatırladaq ki, Azərbaycan DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda həbsdə olan F. Ceyranlını beynəlxalq axtarışa verib. Onun axtarışa verilməsi barədə elan DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilib. F. Ceyranlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR