• HADİSƏ

    18:58 27 fevral 2019

Azərbaycanda 1 məhkəmə sədrinə və 5 hakimə töhmət verilib

Məhkəmə-Hüquq şurasının növbəti iclası keçirilib.

ONA-nın xəbərinə görə, iclasda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində əsas “yol xəritəsi” olduğunu vurğulayıb.

R. Rzayev bu sahədə əlavə mexanizmlərin müəyyən olunduğunu və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib, yol verilən pozuntulardan ciddi nəticələr çıxarılmasının zəruriliyini bildirib.

Qeyd olunub ki, qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına, süründürməçilik və digər pozuntulara yol verdiklərinə görə Şabran rayon məhkəməsinin sədri Çingiz İsgəndərova, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimi Teymur Qurbanova, Quba rayon məhkəməsinin hakimi İlqar Məmmədova, Abşeron rayon məhkəməsinin hakimi Sevinc Quliyevaya, Mingəçevir şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynova və Xaçmaz rayon məhkəməsinin hakimi Vladimir Ruvinova töhmət verilib, Abşeron rayon məhkəməsinin hakimi Vaqif Həsənova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.

Qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hakimi Yaşar Həşimovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, habelə korrupsiyaya dair konkret faktların araşdırılıb hüquqi qiymət verilməsi üçün materialların Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə qərar qəbul edilib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR