• HADİSƏ

    16:26 12 iyul 2019

Azərbaycanda bir neçə hakim cəzalandırılıb

Bu gün Məhkəmə-Hüquq Şurasının iclası keçirilib. ONA-nın xəbərinə görə, iclasda dövlət başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı üzrə görülən işlər müzakirə edilib.

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, Fərmanın icrası üzrə məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, məhkəmə fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması və s. məsələlər üzrə qanunvericiliyə əsaslı dəyişikliklər nəzərdə tutan mühüm layihələr hazırlanaraq təqdim olunub.

Qeyd olunub ki, bəzi qanun layihələri bu ərəfədə Milli Məclis tərəfindən qəbul edilib.

Hakimlərin müstəqilliyinin təmin edilməsi məqsədilə onların maddi təminatının yaxşılaşdırılmasına, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edən digər mühüm qanunlar qəbul edilib.

Tədbirdə Fərmana uyğun olaraq hakim ştatlarının sayının 200 vahid artırılmasının iş yükünün azalmasına, bununla da süründürməçilik hallarının qarşısının alınmasına, işlərə vaxtında və keyfiyyətlə baxılmasına xidmət edəcəyi vurğulanıb.

Qeyd edilib ki, Fərmanın icrası üzrə yaradılmış monitorinq sektorları tərəfindən məhkəmələrdə mütəmadi monitorinqlər keçirilərək qeyri-prosessual münasibətlərə şərait yaradan və vətəndaşların haqlı narazılığını doğuran pozuntular dərhal aradan qaldırılmaqla, yol verilən nöqsanlar hakimlərin və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb.

Fərmanda qarşıya qoyulmuş vəzifələrin icrası üzrə həmçinin, hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığın daha da artırılması, bu sahədə tətbiq edilən meyarların təkmilləşdirilməsi məqsədilə Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Metodologiyasının yeni layihəsi, habelə məhkəmə monitorinqlərinə dair qaydalar hazırlanıb.

İclasda qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara, süründürməçiliyə və digər pozuntulara yol verdiklərinə görə bir sıra hakimlər intizam məsuliyyətinə cəlb edilib. Həmçinin Gəncə İnzibati-iqtisadi məhkəməsinin sədri Natiq Abbasovun və hakimi Kamil Rzayevin, Göygöl rayon məhkəməsinin hakimi Rafiq Məmmədovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi barədə qərarlar qəbul edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR