Son günlər bölgələrdə mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınların qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülki Müdafiə Qoşunlarının və regional mərkəzlərinin müvafiq canlı qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.
APA TV-nin xəbərinə görə, həyata keçirilmiş operativ tədbirlər nəticəsində Lənkəran, Lerik, Quba, Yardımlı və digər rayonların dağlıq zonalarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb. Eyni zamanda Oğuz, Qəbələ, Ağsu, İsmayıllı rayonlarında baş vermiş yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun rəhbərlik etdiyi aviasiya briqadası yanğın baş verən ərazilərdə növbəti müşahidələrini keçirir: “Üzərindən uçduğumuz ərazi Oğuz rayonunun Qəbələ ilə həmsərhəd ərazisidir. Gördüyünüz kimi, həmən ərazidə yanğın tam söndürülüb. Oğuz rayonun Xaçmaz kəndi üzərindən keçirik, burda da yanğının tam söndürülməsi təmin edilib. Digər ərazilərə gəlincə, beş sahədə tüstülənmə var. Onlardan üçü məhdudlaşdırılıb, digər iki sahədə yanğının söndürülməsi işləri davam etdirilir. Ümumiyyətlə, yanğına qarşı vəziyyət tam nəzarət altındadır. Hadisə yerinə 200-dən çox şəxsi heyət, aviasiya dəstəsinin 3 helikopteri və 1 təyyarəsi cəlb olunub. Yanğının tezliklə söndürülməsi üçün müvafiq tədbirlər həyata keçirilir”.
Füzuli Əsədov deyir ki, yanğının baş verməsində insan faktoru da əhəmiyyətlidir: “Avqust ayında yanğınların bir qədər artmasına havaların isti keçməsi, yağıntının az olması, bəzi sahələrdə isə yağıntının heç olmaması da yanğın statistikasının artması ilə nəticələnib. İnsan faktoru da önəmlidir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi və aidiyyəti qurumları əhalinin maarifləndirilməsi istiqamətində kifayət qədər təbliğat işləri aparılır. Biçilmiş taxıl sahələrində və meşə ətrafı sahələrdə yanğınlar baş verməsin deyə, bu addımlar atılır. Buna baxmayaraq, insanlar odla ehtiyatsız davranma səbəbindən qəsdən yandırma hallarına rast gəlinir”.
Yanğınların mövsümi xarakter daşıdığını deyən nazirlik rəsmisi bildirib ki, hadisələrin statistikasının artmasına əsas səbəblərdən biri də havaların quraqlıq keçməsidir. Onun sözlərinə görə, hazırda ölkə ərazisində yanğınla bağlı vəziyyət tam nəzarət altındadır və FHN-in aidiyyəti qurumları tərəfindən fasiləsiz olaraq profilaktik tədbirlər həyata keçirilir: “Hazırda iki sahədə qaynar nöqtələr var. Seyran dərəsində yanğınlar davam edir. FHN-in canlı qüvvələri hadisə yerində çalışır. Həmin ərazilərdə gecə növbəsi də təşkil olunub. Baş verə biləcək hadisələrə cavab verəcək həm canlı qüvvə, həm də texnikamız var. Yanğınların artması əsas etibarilə açıq sahələrdə baş verir. Digər sahələrdə, həmçinin yaşayış sektorunda, nəqliyyat vasitələrində, digər obyekt və qurğularda baş verən yanğınların sayında ötən ilə nisbətən ciddi artım müşahidə olunmayıb”.
Qəbələ rayonunun Solquca, İsmayıllı rayonunun Pirəbülqasım, Qusar rayonunun Cibir, Bərdə rayonunun Cumalar, Ağsu rayonunun Kəndaxan kəndləri ərazilərində meşə və meşəətrafı zonalarda baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.