• HADİSƏ

    17:10 14 iyul 2022

“Azərsun"un maşını Cəbrayılda tank əleyhinə minaya düşüb, sürücü xəsarət alıb

İyulun 14-də Cəbrayıl rayonunun Dağtumas kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Xəbərə görə, “Azərsun Holdinq" MMC şirkətinə məxsus yükdaşıma nəqliyyat vasitəsi TM 62 P tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində xəsarət alan sürücü - 1996-cı il təvəllüdlü İmişli rayon sakini Məmmədov Şamil Fərahim oğlu rayon xəstəxanasına çatdırılıb.

ANAMA bir daha vətəndaşlara müraciət edərək təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırıb.

Cəbrayıl rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyulun 14-ü saat 13 radələrində Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində 1996-cı il təvəllüdlü Şamil Məmmədovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan "Azərsun holdinq"in sürücüsü Şamil Məmmədovun rayonun Dağ Tumas kəndi ərazisində yük maşını ilə hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR