• HADİSƏ

    19:28 18 aprel 2019

Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

Aprelin 18-də sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilmiş növbəti baxış iclasında zərərçəkmiş şəxs və şahidlər dindiriliblər.

ONA-nın məlumatına görə, prosesdə dindirilən zaman zərər çəkmiş şəxslər Müzəffər İsmayılov, Könül Dəryabaricavad və Rəsmiyyə Abdullayeva bildiriblər ki, “Araz-İnşaat” açıq səhmdar cəmiyyətinin səhmdarları olsalar da, cəmiyyətin inzibati binasının icarəyə verilməsi nəticəsində əldə olunmuş gəlirlərdən onlara hər hansı məbləğdə divident ödənilməyib.

Qeyd edək ki, zərərçəkmiş şəxslər istintaq zamanı “Araz-İnşaat” ASC-nin faktiki olaraq Hüseyn Abdullayevə məxsus olduğunu bildiriblər.

Məhkəmədə şahid Canbulat Kalyayev bildirib ki, Hüseyn Abdullayevin əmlaklarının və layihələrinin sənədləşmə işlərini aparıb, anası Zeynəb Abdullayevanın xarici ölkədə oğlunun yanında olması xəbərini isə xəbər saytlarından oxuyub. Əvvəllər Zeynəb Abdullayevanın iki dəfə hava limanından geri qaytarıldığını bildiyi üçün onun xaricə getməsi xəbəri onu təəccübləndirib.

Kalyayev Canbulat məhkəmədə həmçinin, H. Abdullayevin 2005-ci ildə deputat seçkiləri ərəfəsində öz adına olan əmlaklarını başqa şəxslərin adına keçirilməsi barədə göstəriş verdiyini bildirib, şahid İlqar Mustafayev də həmin faktı ifadə verərkən təsdiqləyib.

Şahid İmran Məmmədov məhkəmədə ifadə verərək “Araz İNC” MMC-nin inşa etdiyi hündür mərtəbəli yaşayış binasından 2 milyon 160 min manat məbləğində qeyri-yaşayış sahəsini nağd pul ödəməklə aldığını bildirib.

Qeyd edək ki, məhkəmə iclası zamanı İ. Məmmədovun H. Abdullayevin qardaşı Azər Abdullayevlə birlikdə işlədikləri də bəlli olub.

Şahid qismində dindirilmiş Zahid Hüseynov ifadəsində göstərib ki, 2005-ci ilin yaz aylarında yaşayış binasının tikintisini həyata keçirən “Araz İNC” MMC-nin direktoru vəzifəsinə təyin olunub. O, təyinatla bağlı əmrin təsisçi Zeynəb Abdullayeva tərəfindən imzalandığını görüb. Zahid Hüseynov istintaqda həmin binanın tikintisinə Hüseyn Abdullayevin özünün nəzarət etdiyini də bildirib.

“Araz-İnşaat” ASC-nin baş mühasibi vəzifəsində işləmiş Sədaqət Cəlilova isə bildirib ki, 2004-cü ildən sonra müəssisəyə icraçı direktor müavini Namiq Babayev adlı şəxs təyin olunub, 2011-ci ildən sonra səhmdarlara dividentlər verilməyib.

Qeyd edək ki, istintaq materiallarına görə, “Araz-İnşaat” ASC-nin səhmlərinin 99,03 faizi H. Abdullayevin anası Zeynəb Abdullayevaya məxsusdur. “Araz İNC” MMC-nin təsisçisi isə H. Abdullayevin atası Abbas Abdullayevdir. Faktiki idarəçi isə sabiq deputatın özü olub.

Bundan əlavə, məhkəmə iclasında şahidlər Pərviz Əliyarov, Qafar Rzayev, Azər Seyidov, Əbil Canbaxşiyev və başqaları dindirilib.

Növbəti proses aprelin 23-ə təyin edilib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR