Ucarda yük maşınının yanması yolun bağlanmasına səbəb olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında Bərdə rayon sakini, 1993-ci il təvəllüdlü Pərvin Famil oğlu Şərifovun idarə etdiyi "Mercedes" markalı qoşqulu yük maşını Bakı-Qazax yolunun Ucar rayonuna düşən ərazisində hərəkətdə olarkən qəfildən alışaraq yanıb.
Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin 4 texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Məlumata görə, yanan "Mercedes" markalı yük maşını Türkiyədən gəlirmiş və içərisində geyim əşyaları olub. Hadisə zamanı Bakı-Qazax yolu Bakı istiqamətində 40 dəqiqədən artıq bağlı qalıb.
Fakt araşdırılır.