Bu gün Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
ONA-nın xəbərinə görə, müşavirədə məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müəyyən nəticələr əldə edib.
Qeyd olunub ki, 2018-ci ilin birinci yarımilində şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 5678 hadisə qeydə alındığı halda, 2019-cu ilin birinci yarısında 182 hadisə, yəni 3,2 % azalaraq 5496 hadisə olub, qeydə alınmış cinayətlərin açılma faizi 6,7% azalaraq 75,4 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 37 hadisə və ya 5,6% artaraq 695 olub.
Əməliyyat müşavirəsində bildirilib ki, 2019-cu ilin birinci yarısında qeydə alınmış 37 qəsdən adam öldürmə cinayətinin 1-i istisna olmaqla, 19 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilib.
“Hesabat dövründə 28 quldurluq və 103 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Ümumilikdə quldurluq hadisələrindən 7-si, yol-nəqliyyat hadisələrindən isə 5-i bağlı qalıb. 2019-cu ilin birinci yarısında şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 590 işdən 252-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 6680 cinayət işindən 2183-nün istintaqı tamamlanıb. Hesabat dövründə törədilmiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 7.579.457 manat maddi ziyandan 43.8 %-i yəni 3.316.706 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 19.337.628 manat maddi ziyandan 92 %-i yəni, 17.772.953 manatı istintaq zamanı ödətdirilib”, - müşavirədə qeyd olunub.
O da bildirilib ki, hesabat dövründə Bakıda 4 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Onlardan 3 nəfərə töhmət, 1 nəfərə isə şiddətli töhmət verilib.