Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Hikmət Yiğitdölün cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.
Araz Vəlizadə bildirib ki, 2014-cü ildə Hikmət Yiğitdölün rəhbərlik etdiyi binadan ev almaq istəyib. Bu məqsədlə öz evini 115 min dollara satıb: "Bütün danışıqları Hikmətin özü ilə apardım. 110 min dollara bunlardan ev aldım. Demişdilər ki, iki aya evi təhvil verəcəklər. Həmin vaxt Qabil adlı şəxs də orada idi. Birlikdə işləyirdilər. Dedikləri vaxt bitdi, amma evi təhvil vermədilər. Öyrəndim ki, evi bir neçə nəfərə satıblar. Sonra da bizə olmayan bir binadan ev verəcəyini dedilər".
Təqsirləndirilən Hikmət Yiğitdöl isə buna etiraz edib. Deyib ki, vətəndaşlara ev satsa da, sonradan işləri Qabil Əliyevə təhvil verib: "Mən Türkiyəyə gedəndən sonra Qabil bunları aldadıb. Deyib ki, Hikmət sizin pullarınızı alıb ölkədən qaçıb".
Suallara cavab verən Hikmət Yiğitdöl deyib ki, bir evin bir neçə nəfərə verilməsi səhvən olub.
H. Yiğitdöl ondan mənzil tələb edən vətəndaşlara bildirib ki, heç kimə pul ödəmək fikri yoxdur: "Tikintiyə nəzarəti Qabil edir. İndi bina tikir və evləri təhvil verəcək".
Zərərçəkmiş Araz Vəlizadə isə söyləyib ki, həmin binanın tikintisinə icazə verilmir: "Digər binalarla sıxlıq yaratdığı üçün tikintisinə icazə verilmir. Necə ev verəcəklər?"
Qeyd edək ki, Hikmət Yiğitdölün rəhbərlik etdiyi "Hom Paş Prestij” MTK 2008-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq çoxmərtəbəli bina tikintisinə başlayıb.
İttihama görə, MTK-nın sahibi, türkiyəli iş adamı H.Yiğitdöl Bakıda 72 vətəndaşın etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitini dələduzluq yolu ilə ələ keçirib. Bir mənzil 3-4 nəfərə təkrar sataraq külli miqdarda pulu ələ keçirib.
Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilən Hikmət Yiğitdöl barəsində həbs qətimkan tədbiri seçilməyib. O, ev dustaqlığındadır.