Bakıda avtomobil qaçıran şəxs qəza törədib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə müraciət edən Çiçək qəsəbə sakini E.Cəbrayılov fevralın 24-də saat 19 radələrində qəsəbə ərazisindən “VAZ-21011” markalı avtomobilinin qaçırıldığını deyib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Sulutəpə qəsəbəsinin ərazisində hasara vurulmuş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.