Binəqədi rayonunda avtoxuliqanlıq edən sürücü 20 sutka həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Martın 29-da Binəqədi rayonu ərazisində avtoxuliqanlıq edən “Opel” markalı avtomobilin sürücüsü paytaxt sakini Anar Xəlilov yol polislərinə tabe olmayaraq nəqliyyat vasitəsini idarə edib. Sürücünün polislərdən qaçma anı yol patrul xidməti avtomobilinin kamerası vasitəsilə lentə alınıb. Daha sonra sürücü Binəqədi qəsəbəsində ara küçələrdə yol polisləri tərəfindən süni tıxac yaradılaraq saxlanılıb. Bu sürücü barəsində toplanan materiallar qərar verilməsi üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə avtoxuliqanlıq edən sürücü 20 sutka inzibati qaydada həbs edilib və o 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, Binəqədi rayonu ərazisində keçirilən reyd zamanı 100-dən artıq yol hərəkəti qaydalarını pozan sürücü inzibatı məsuliyyətə cəlb edilib. Aşkar edilən qayda pozuntularından 42-si yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər tərəfindən törədilib. Tərtib edilən protokollardan 4-ü nəqliyyat vasitəsini sərxoş halda idarə edən, 1-i isə avtoxuliqanlıq edən sürücülərə tərtib edilib.