Bakıda iki avtomobildən oğurluq edilib.
ONA-nın xəbərinə görə, ötən gecə "Subaru" və "BMW" markalı avtomobillərin şüşələri sındırılıb.
"Subaru" markalı avtomobilin sahibi Məmmədova Səidə Rəşid qızının verdiyi məlumata görə, onun avtomobilinin sol arxa şüşəsi sındırılıb və avtomobildə olan əl çantası oğurlanıb. Zərərçəkmiş çantanın içərisində 600 dollar, 200 manat məbləğində nağd pulun və qızıl-zinət əşyalarının olduğunu deyir.
S.Məmmədova bununla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət edib. Bölmənin əməkdaşları avtomobilin üzərində ekspertiza işləri aparıb və barmaq izləri götürülüb.
Sözügedən ərazidə daha bir oğurluq faktı qeydə alınıb. Ad-soyadı açıqlanmayan xanım sürücüyə məxsus "BMW" markalı avtomobil də qarət edilib. Avtomobilin şüşəsi sındırılıb, salonda olan 700 dollar məbləğində pul oğurlanıb.
Hər iki faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.
Nurlan Əli