Bakıda bir nəfəri öldürüb, bir nəfəri yaralamaqda təqsirləndirilən Sabir Qədimov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
ONA-nın məlumatına görə, təqsirləndirilən şəxsin şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun icraatına verilib.
Məhkəmənin ilkin baxış iclası iyunun 4-ə təyin edilib.
Qeyd edək ki, qətl ötən il Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində baş verib.
İlkin məlumata görə, Balaxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sabir Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi gəlib. Amma məhkəmədə məlum olub ki, Sabir Qədimov mərhumun evinə elçi kimi yox, Aytənlə mübahisə etməyə gəlibmiş. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək A.Cəfərovanın yaşadığı evə gəlib. S.Qədimov tüfənglə fərdi yaşayış evinin həyətində A.Cəfərovanın başına və bədəninə atəş açıb. Onun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.
Yaralılar 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Cərrahi əməliyyatla onun həyatını xilas etmək mümkün olub. E.Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib.
A.Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Qədirov 19 il müddətinə azadlıqdan məhrum olunub.