Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Elnur Axundov və Rafiq Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Axundov 12 il və R.Ağayev isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Axundov və R.Ağayev ötən il martın 7-də Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Həmin şəxslər Ceyranbatan qəsəbəsində 36 yaşlı Könül Sahibovanın yaşadığı evə üzlərinə maska geyinərək basqın ediblər.
Onlar zor tətbiq etməklə K.Sahibovanın əl və ayaqlarını bağlayıb, həmçinin ağzına yapışqanlı lent yapışdırıblar.
Bıçaqla hədə-qorxu gələn, pul və qızıl tələb edən həmin şəxslər mənzildən 50 manat və dəyəri 300 manat olan qızıl sırğaları götürərək qaçıblar.
Araşdırma zamanı E.Axundov və R.Ağayevin martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərdikləri də məlum olub.