FHN rəsmisi: "18 mərtəbəli binada baş vermiş yanğın zamanı 6 mənzil yanıb, yanğın söndürülüb" - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color] - [color=red]YENİLƏNİB-1[/color]
  • HADİSƏ

  • 06:24 15 Noyabr 2019

FHN rəsmisi: "18 mərtəbəli binada baş vermiş yanğın zamanı 6 mənzil yanıb, yanğın söndürülüb" - FOTO - VİDEO - YENİLƏNİB-1

Bakının Xətai rayonu, Neapol küçəsi 16 ünvanında yerləşən 18 mərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bunu FHN-in Dövlət Yanğından Mühafizə Qərargahının rəisi Əkbər Novruzov APA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, ikibloklu binanın mansardasında baş vermiş yanğının sahəsi 180-200 kv/m sahəni əhatə edib: "18-ci mərtəbədə yerləşən 6 mənzildən dördünün mansardası 20 kv/m, 2 mənzilin isə həm mansardası, həm də daxilindəki yanar konstruksiyaları 60 kv/m sahədə yanıb. Eyni zamanda, binanın 1-ci mərtəbəsindən 60-cı mərtəbəsinə qədər elektrik şaxtasında kabellər 60 p.m. sahədə yanıb. Yanğın tam söndürülüb. Yanğının söndürülməsinə 2-ci dərəcəli çağırış elan olunub, 15 yanğınsöndürən maşın və 60-dan çox şəxsi heyət cəlb olunub. Elektrik şaxtasında elektrik xətlərinin yüklənməsi nəticəsində yanğının baş verdiyi ehtimal olunur. Nəticədə yanğın mansardaya yayılıb. Xəsarət alan olmayıb".

***

Saat 04:10

Bakının Xətai rayonu, Neapol küçəsi 16 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının dam örtüyündə meydana gələn yanğın zamanı zəhərlənənlər olub.

APA xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın saat 02:51 dəqiqədə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən məhdudlaşdırılıb (yanğının yayılma təhlükəsi yoxdur).

Yanğın zamanı bina sakinləri təhlükəsiz əraziyə təxliyyə olunub. İlkin məlumata əsasən, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

***

Saat 02:55

Bakının Xətai rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Neapol küçəsi 16 ünvanında qeydə alınıb.

Yanğın çoxmərtəbəli yaşayış binasının dam örtüyündə müşahidə edilib. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR