Bakıda eyni markalı iki avtomobil toqquşub, nəticədə iki nəfər xəsarət alıb.
ONA-nın xəbərinə görə, hadisə Nəsimi rayonunun Cavadxan küçəsində, Zərifə Əliyeva adına Göz Klinikasının qarşısında baş verib.
İşıqforla tənzimlənən yol ayrıcında qırmızı işıqdan yüksək sürətlə keçən “BMW” markalı avtomobil yaşıl işıqdan keçən eyni markalı avtomobilə çırpılıb. Nəticədə sonuncu avtomobildə olan sərnişin və sürücü müxtəlif xəsarətlər alıb. Onlara təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib.
Yaralı sürücü ONA-ya müsahibəsində yol qəzasının necə baş verməsi barədə danışıb.
Faktla bağlı əraziyə Post və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib, araşdırma aparılır.
Nurlan Əli