Bakıda İraq vətəndaşına quldurluq etdiyi üçün cəza çəkən Fəqan Abdullayev barəsində yeni cinayət işi başlanıb.
ONA-nın xəbərinə görə, F. Abdullayev saxlandığı cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya istifadə etməkdə təqsirli bilinir. Buna görə onun barəsində Cinayət Məcəlləsinin 317-2.1 (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb. İşə Qaradağ Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, quldurluq hadisəsi ötən il yanvarın 13-də Bakıda baş verib. Bakıdakı universitetlərdən birində təhsil alan İraq Respublikasının vətəndaşı Biyar Cumaah Shaikani internetdə tanış olduğu 25-26 yaşlı qızlarla Nərimanov rayonundakı gecə klubunda görüşüb. Daha sonra tərəflər arasında narazılıq yaranıb və C.Biyar küçəyə çıxıb. Küçədə isə qızlar köməyə çağırdıqları Anar Kərimov və digərləri ilə birgə iraqlı gənci döyərək ondan 400 manat alıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Kərimov və Fəqan Abdullayev 11 il, Nurlan Məmmədov və Kamran Vahabov 9 il, Elvira Ələsgərova və Çinarə Bəhlulzadə 4 il müddətinə azadlıqdan məhrum edilib.