• HADİSƏ

    13:01 1 aprel 2019

Bakıda işədüzəltmə şirkətinin əməkdaşları tutulub

Daxili işlər orqanları tərəfindən vətəndaşların etibarından sui-istifadə etməklə, aldatma yolu ilə onların əmlaklarının ələ keçirilməsi hallarına qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, belə ki, cari ilin mart ayının əvvəllərində bir qrup şəxs paytaxtda fəaliyyət göstərən “ELİV” işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq onlara məxsus külli miqdarda pul vəsaitinin ələ keçirilməsi barədə polis orqanlarına ərizələr verərək, adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, onlara dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərilməsini xahiş edib. Həmin müraciətlər əsasında vətəndaşların aldadılaraq pullarının dələduzluq yolu ilə ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə qeyd olunan cinayətin Bakı şəhər sakini Məcid Məcidovunun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədilməsi müəyyən edilib. O, həmçinin, cinayətkar dəstənin digər üzvləri - paytaxt sakinləri Elvin Məhərrəmov və Ceyhun Qələbəyov polis tərəfindən saxlanılıb və onlara ittiham elan olunub.

Bakı şəhər Baş Polis İdarəsində aparılan istintaq prosesində hələlik 211 nəfər zərərçəkmiş şəxs qismində tanınmış və hazırda onlara dəymiş maddi ziyanın ödətdirilməsi ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİN bir daha vətəndaşlara müraciət edərək belə şirnikləndirici və ya şübhəli təkliflərlə, elanlarla rastlaşdıqları zaman bu barədə ilk növbədə hüquq-mühafizə, o cümlədən ərazi polis orqanlarına, Daxili İşlər Naziliyinin “102-Zəng Mərkəzi” Xidmətinə məlumat vermələrini tövsiyə edir.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR