Bakıda sərxoş halda avtomobil idarə edən taksi sürücüsü saxlanılıb.
APA-nın məlumatına görə, polis əməkdaşları "London taxi" markalı avtomobilin sürücüsünə "Saxla" əmri versələr də, sürücü buna məhəl qoymayıb. O, polisdən yayınmağa çalışıb.
Sonradan Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə sürücü - 1992-ci il təvəllüdlü Mustafayev Rafik Dənizxan oğlu saxlanılıb və Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə aparılıb. Alkoqollu içki qəbul etdiyinə dair şübhələr olduğundan R.Mustafayev Alkoqol Sərxoşluğunun Müayinəsi Məntəqəsinə gətirilib. Burada onun sərxoş olduğu üzə çıxıb.
Fakt üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında akt tərtib edilib. R.Mustafayevin idarə etdiyi avtomobil isə cərimə dayanacağına yerləşdirilib.