Fövqəladə Hallar Nazirliyi Bakının Səbail rayonu, Nizami küçəsində üçmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən APA-ya verilən məlumata görə, hadisə zamanı binanın ikinci mərtəbəsinin dəhlizinin atma taxtaları 10 m² sahədə və ümumi sahəsi 140 m² olan üç mənzilin yanar konstruksiyaları 55 m² sahədə yanıb.
Yanğın zamanı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 18 nəfər bina sakini təxliyyə olunub. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı 3 bina sakini müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onlara əraziyə cəlb olunan Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadası tərəfindən ilkin yardım göstərilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
Saat 23:24
Bakının Səbail rayonunda yanğın baş verib.
APA xəbər verir ki, Nizami küçəsində mənzildə qəfildən alovlanma qeydə alınıb. Daha sonra yanğın genişlənib.
Hadisə yerinə FHN-in Səbail rayonu üzrə Yanğından Mühafizə Xidmətinin 4 texnikası və canlı qüvvəsi, 2 təcili tibbi yardım briqadası cəlb edilib.
İlkin məlumata görə, ikisi azyaşlı olmaqla, ümumilikdə 4 nəfər yanğın zamanı tüstüdən zəhərlənib.
Yanğın söndürülüb, alovların digər mənzillərə keçməsinin qarşısı alınıb.