Bakıda narkotik vasitələrin satışında təqsirləndirilən Qazaxıstan vətəndaşı tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən ONA-ya verilən məlumata görə, keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sahil Həsənov narkotik vasitə olan 0,510 qram heroini satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada olan 11,706 qram heroin, 5,239 qram tiryək, 10,119 qram metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovun paytaxtın Xətai rayonunda kirayədə yaşadığı mənzilə də baxış keçirilib. Orada isə əlavə olaraq 503,292 qram narkotik vasitə heroin və 49,881 qram metamfetamin aşkarlanıb.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.