• HADİSƏ

    05:14 19 iyul 2020

Bakıda orduya dəstək yürüşü zamanı ictimai qaydanı pozan bir qrup şəxs barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib - FOTO


Məlum olduğu kimi iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə yürüş keçirilib.

Dinc və vətənpərvər ruhda keçən bu aksiya zamanı bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verərək, Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərməklə zor tətbiq ediblər.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərlə yanaşı, mülki nəqliyyat vasitələrinə də ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülən operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.

Fakt üzrə başlayan əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz hərəkətlər törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən olunub. Onlardan bir qrupu şübhəli şəxs qismində istintaqa cəlb olunaraq, törətdikləri əməlləri sübuta yetirilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barələrində cinayət işi açılaraq, məhkəməyə göndərilib.

Məhkəmənin müvafiq qərarları onların hər biri barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib.

Hazırda qanunsuz hərəkətlərə yol verən şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR