• HADİSƏ

    16:07 13 sentyabr 2019

Bakıda piyadaların hərəkətinə nəzarət edən PPX əməkdaşlarının fəaliyyəti dayandırılıb

Bakının küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən post-patrul xidməti əməkdaşlarının fəaliyyəti dayandırılıb.

APA-nın əməkdaşının şəhərdə apardığı müşahidələr zamanı piyadaların hərəkətinə nəzarət edən və bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinin əməkdaşlarının son günlər gözə dəymədiyi məlum olub.

Bununla bağlı APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin rayon polis idarələrinin, eləcə də respublikanın digər şəhər və rayon polis orqanlarının post-patrul xidməti əməkdaşlarına yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlər verilib: “O vaxt belə bir qərarın verilməsinə ehtiyac var idi. Lakin post-patrul xidməti əməkdaşlarının qayda pozanları saxlayaraq protokollar tərtib etməklə onları cərimələmələri piyadaların vaxt itkilərinə, bəzən də narazılıqlarına səbəb olurdu. Bütün bunları nəzərə alan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu günlərdə müvafiq əmr imzalayıb. Əmrə əsasən, post-patrul nizami hissələri əməkdaşlarına verilmiş yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlərə xitam verilərək qanunla müəyyən olunmuş vəzifələrinin icrasını davam etdirmək üçün onlar daimi xidmət yerlərinə qaytarılıblar”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR