Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E. Abdullayev 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakı şəhəri, Sabunçu rayonunda baş verib. Zabrat qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən 32 yaşlı Murad Quliyev Qəbələ rayon sakini, 27 yaşlı Elnur Abdullayev tərəfindən qısqanclıq zəminində öldürülüb. Məlumata görə, əvvəllər 2 dəfə evli olmuş və hər iki həyat yoldaşından boşanan M.Quliyev internet vasitəsilə 2 uşaq anası olan Qəbələ sakini ilə tanış olub. Daha sonra qadın uşaqlarını Qəbələdə ataraq Bakıya gəlib, M.Quliyevlə 2 aya yaxın birgə yaşayıb. M.Quliyev qadınla birgə Qəbələyə gedib. Məqsəd isə qadının rəsmi nikahda olduğu şəxsdən boşanmaq üçün məhkəməyə müraciət etmək olub. Lakin Qəbələdə olarkən qadının ailə üzvləri onun M.Quliyevlə Bakıya qayıtmasına icazə verməyib və həmin şəxsin el adət-ənənəsi ilə gəlməsini istəyib. Bundan sonra M.Quliyev Bakıya gəlib, lakin o, qeyri-rəsmi münasibətdə yaşadığı qadının ailəsinin istədiyi kimi etməyib və onlarla əlaqəni tamamilə kəsib. Bu səbəbdən də qadının qardaşı E.Abdullayev özü ilə bıçaq götürərək Bakıya gəlib, M.Quliyevi tapıb və ona bir neçə zərbə endirib. M.Quliyev aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.