Bakıda, Qubada və Lənkəranda ağacların qanunsuz kəsilməsi faktları ilə bağlı cinayət işi başlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən ONA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların müraciətləri əsasında Bakı şəhərinin Xətai rayonu ərazisində, habelə Lənkəran və Quba Regional Meşə Təsərrüfatı Mərkəzlərində aparılmış monitorinqlər nəticəsində meşələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və digər yaşıllıqların icazəsiz kəsilməsi ilə təbiətə xeyli və külli miqdarda ziyan vurulması faktları müəyyən edildiyindən toplanmış materiallar araşdırılması üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Baş İdarə tərəfindən aparılmış ilkin araşdırmalarla Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi 93 və 99 saylı binaların arasında əvvəllər sakinlər tərəfindən 0,24 hektar sahədə salınmış bağ sahəsində 25 ədəd ağac və kolun kəsilərək məhv edilməsi və digər 98 ədədinin isə başqa əraziyə köçürülməsi ilə təbiətə xeyli miqdarda ziyan vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə (qanunsuz ağac kəsmə) cinayət işi başlanılıb.
Bundan başqa, araşdırmalar nəticəsində Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Vizəzəmin meşəbəyliyinin 16 saylı meşə dolayında 63 ədəd meşə cinsli ağacın kəsilməsi ilə təbiətə xeyli miqdarda ziyan vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 314.1 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) və 259.1-ci maddələri ilə (qanunsuz ağac kəsmə) cinayət işi başlanılıb.
Eyni zamanda, Quba Regional Meşə Təsərrüfatı Mərkəzində aparılmış monitorinqlərin nəticəsinə görə həmin ərazidə 4408 ədəd müxtəlif cins və diametrli ağacın kəsilməsi ilə təbiətə külli miqdarda ziyan vurulmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 314.1 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) və 259.2.4 maddələri ilə (meşələrdə və ya qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların, eləcə də meşə fonduna aid olmayan ağacların və ya kolların qanunsuz kəsilməsi külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi başlanılıb.
Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ibtidai istintaqı aparılan hər üç cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluq tərəfindən bundan sonra da bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə zəruri tədbirlər görüləcək.