Bakıda saxta COVID pasportu verilməsinə görə 3 nəfər tutulub - [color=red]RƏSMİ[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 16:47 27 Avqust 2021

Bakıda saxta COVID pasportu verilməsinə görə 3 nəfər tutulub - RƏSMİ - VİDEO

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq saxta COVID pasportlarının verilməsi ilə bağlı birgə məlumat yayıb.

APA-nın xəbərinə görə, birgə məlumatda bildirilib ki, daxil olmuş məlumat əsasında keçirilən müvafiq tədbirlər nəticəsində müəyyən edilib ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Şəhər Poliklinikasında pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksinasiya olunmaları ilə bağlı saxta COVİD-19 pasportu ilə təmin edilməsi həyata keçirilir.

Paytaxtın Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini S.Həsənova, tanışları həmin poliklinikanın sahə həkimi R.Əliyeva və qeyd edilən tibb müəssisəsinin həkim-terapevti G.Mədətzadə saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara pul müqabilində xəstəxanaya belə gəlmədən guya vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovanın yaşadığı evdən və R.Əliyevanın əl çantasından xeyli sayda peyvəndin 1-ci və 2-ci dozasının vurulmasına dair saxta pasportlar aşkar edilib.

Həmçinin R.Əliyevadan pul müqabilində guya peyvənd olunmuş şəxs kimi qeydiyyata düşmək üçün ona müraciət edən müxtəlif vətəndaşlara məxsus şəxsiyyət vəsiqələri və sürətləri, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Bir məqam xüsusi olaraq vurğulanmalıdır ki, bu istiqamətdə həyata keçirilən tədbirlər koronovirusla mübarizədə fədakar fəaliyyətləri ilə xalqımızın böyük rəğbətini qazanan qəhrəman həkim və tibb işçilərinin əməyinə əsla kölgə salmamalıdır. Onlar həmişə olduğu kimi bu gündə hər birimizin sağlamlığının keşiyində əzmlə dayanıblar.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması ilə əlaqədar saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi, "961" nömrəli "Çağrı Mərkəzi", "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilmələrini xahiş edir.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR