Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda özündən 8 yaş kiçik sevgilisini öldürməkdə təqsirləndirilən, 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, G. Hüseynova 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Grand” hoteldə baş verib. Həmin ərazidə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə otelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Hoteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Bu zaman qadın V.Atakişiyevi qətlə yetirib.