Bakıda mağazalardan və evlərdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Xətai rayonu ərazisində yerləşən mağazalardan birindən oğurluq edilib. Zərərçəkən obyekt sahibi 37-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, marketdən 250 manat, danışıq kartları və tütün məmulatları naməlum şəxslər tərəfindən oğurlanıb. Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Rəşad Bayramlı və Kürdəmir rayon sakini Nicat Yunusov saxlanılıblar. Onlar ifadələrində oğurluq etdiklərini etiraf ediblər.
Xətai Rayon Polis İdarəsində saxlanılan şəxslərin ətraflarında aparılan əlavə əməliyyat tədbirləri ilə onların rayon ərazisində əlavə olaraq 9 mağazadan, 2 həyətyanı sahədən və 3 saxlanc yerindən pul, tütün məmulatları və məişət əşyaları oğurluq etdikləri məlum olub.
Qeyd edilən faktlarla bağlı saxlanılan şəxslər barəsində Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.