“Yeni Ailə” Mənzil Tikinti Kooperativinin (MTK) vəzifəli şəxsi Vəliyev Şahin Vaqif oğlu barəsində cinayət işi başlanıb.
ONA-nın əldə etdiyi xəbərə görə, Ş. Vəliyev Cinayət Məcəlləsinin 246-cı (dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham edilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin apardığı araşdırma nəticəsində Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli qərarı ilə dövlət mühafizəsinə götürülmüş Bakının Nəsimi Rayonunda yerləşən 1895-ci ildə inşa edilmiş 3 mərtəbəli tarixi memarlıq abidəsinin “Yeni Ailə” MTK tərəfindən qanunazidd olaraq sökülməsi məlum olub.
Faktla bağlı MTK-nın vəzifəli şəxsi olan Şahin Vəliyev barəsində cinayət işi başlanıb.