Bakının Nərimanov rayonunda yanğında ölən şəxslər barədə yeni məlumatlar əldə olunub.
ONA-nın müxbiri hadisə yerindən xəbər verir ki, yanğın zamanı Laçın rayonundan məcburi köçkün kimi yataqxanada məskunlaşmış 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər.
Yataqxana Təfəkkür Universitetinin nəzdindədir. Yataqxanada yanğın çıxışının olmaması xilasetmə işlərini çətinləşdirib.
Bundan başqa, şahidlərin sözlərinə görə, dəhlizdə açıq vəziyyətdə olan kabellərin yüksək temperaturdan əriməsi nəticəsində yaranan tüstüdən sakinlər arasında təşviş yaşanıb.
***
01.51
Nərimanov rayonunda yataqxanada baş verən yanğında tüstüdən zəhərlənənlər arasında Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Habil Sadıqov da olub.
ONA-nın müxbiri xəbər verir ki, rəis müavini sakinlərin təxliyəsinə yardım edərkən tüstünün təsirinə məruz qalıb.
Ona hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadaları tərəfindən tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Ümumilikdə hadisə nəticəsində 8 nəfər zərər çəkib. Onlardan ikisi - ər-arvad olan Elza və Surxay Əliyevlər dünyasını dəyişib. Qalan 6 nəfərdən 1-i Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 5-i isə Toksikologiya Mərkəzinə yerləşdirilib.
***
01.21
“Yanğın beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində mənzillərdən birində başlayıb. İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub”.
Bunu ONA-ya açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib.
Onun sözlərinə görə, yanğın nəticəsində dəhlizdəki elektrik kabelləri yüksək temperaturdan əriyib. Yaranmış qatı tüstüdən zəhərlənən bir nəfər dünyasını dəyişib, tüstüdən zəhərlənən bir neçə nəfər isə Toksikologiya Mərkəzinə aparılıb.
ONA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, 120 ailənin yaşadığı yataqxanadan sakinlər təxliyə olunub, binaya elektrik və qaz verilişi təhlükəsizlik məqsədilə dayandırılıb.
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Nərimanov rayonun rəhbərliyi gəlib. Artıq yanğının qarşısı alınıb, soyutma işləri aparılır.
Toksikologiya Mərkəzindən ONA-ya bildirilib ki, yanğın zamanı tüstüdən zəhərlənmiş 5 nəfər Mərkəzə çatdırılıb, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Ölənlər Əliyeva Elza və Əliyev Surxay ər-arvaddırlar.
***
00.38
Bakı şəhəri Nərimanov rayonu Malik Məmmədov küçəsi, 12 ünvanında yerləşən beşmərtəbəli yataqxanada yanğın baş verib.
ONA-nın müxbiri hadisə yerindən xəbər verir ki, yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 3-cü mərtəbəsində başlayıb.
İlkin məlumata görə, bir nəfər tüstüdən boğularaq ölüb, tüstüdən zəhərlənən daha bir neçə nəfər xəstəxanaya çatdırılıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları, o cümlədən 8 yanğınsöndürən avtomobil, 11 təcili tibbi yardım maşını cəlb olunub.
Yanğnın səbəbi hələlik məlum deyil.
Binanın sakinləri təxliyə edilir, yanğının qarşısının alınması üçün tədbirlər görülür.
Nurlan Əli