Bakı şəhərinin Qaradağ rayonunda beşmərtəbəli yataqxana binasının beşinci mərtəbəsində ümumi sahəsi 12 m² olan bir otağın yanar konstruksiyaları, ümumi sahəsi 20 m² olan digər otağın yanar konstruksiyaları 10 m² sahədə və dəhliz 20 m² sahədə yanıb.
ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
saat 15.59
Bu gün Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Qulyiev küçəsində yerləşən beşmərtəbəli yataqxanada yanğın olub.
APA-nın məlumatına görə, saat 12:30 radələrində başlayan yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi ehtimal olunur.
Yanğın məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 5-ci mərtəbəsində başlayıb. Nəticədə 2 otaq yanıb. Tüstüdən boğulmaq təhlükəsi ilə üzləşən biri 15 günlük körpə olmaqla, 4 nəfər binanın damından Fövqəladə Hallar Nazirliyinin xüsusi texnikasından istifadə olunmaqla xilas edilib.
Ümumilikdə, yanğın zamanı 7 nəfər tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib.