Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarışlarının final mərhələsinin keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bununla əlaqədar olaraq, bu gün səhər saat 9:00-dan başlayaraq, 13:00-dək və 16:00-dan 20:00-dək Bakı-Salyan yolunun 14-cü kilometrində - Lökbatan dairəsindən mərkəzə doğru bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.
Şıx qəsəbəsində Veloparkdan start götürəcək velosipedçilər üçün Lökbatan dairəsi istiqamətində hərəkət edərək, dairədən dövr etməklə, şəhərin mərkəzinə doğru hərəkət marşrutu nəzərdə tutulub. Salyan şosesi ilə hərəkət edən velosipedçilər Bibiheybət məscidi - Bakı Su İdman Sarayı - Bayraq Meydanının yanından keçməklə, Azneft dairəsi, Niyazi, İstiqlaliyyət, Lermontov, Xanlar, Sara Qədimova, Qurban Abbasov küçələrindən keçərək, yenidən Bakı-Salyan yolu ilə Şıx qəsəbəsi Velopark istiqamətində dövr edəcəklər.
Avtomobil sahibləri və sürücülərin nəzərinə çatdırılıb ki, alternativ yol kimi, Bakı –Salyan yolunun 14-cü km-dən üçüncü kənar dairəvi yoldan keçməklə Badamdar qəsəbəsinin küçə və prospektlərindən – Mikayıl Müşfiq, Qurd Qapısı dairəsi, Mətbuat prospekti və s., eləcə də Yasamal rayon ərazisinə düşən küçə və prospektlərdən – Ziya Bünyadov, Tbilisi, İnşaatçılar prospektləri və digər yollar üzrə hərəkət müəyyən edilib.