• HADİSƏ

    09:31 9 mart 2019

Bakının ticarət mərkəzlərində dələduzluqla məşğul olan İran vətəndaşları saxlanılıb

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində vətəndaşın etibarından sui-istifadə edilərək pulu dələduzluq yolu ilə əlindən alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzinə müraciət edən paytaxt sakini Əli Səfərov bildirib ki, ticarət mərkəzində olan zaman iki nəfər Türkiyə türkcəsində danışan xarici ölkə vətəndaşı ona yaxınlaşaraq, Azərbaycanda olan ən böyük pul əskinasları barədə ondan məlumat istəyiblər.

Ə.Səfərov cibində olan pulları çıxararaq həmin şəxslərə göstərdikdə, onlardan biri əskinaslara baxmaq adı ilə zərərçəkənin əlindən alıb. Geri qaytaran zaman isə onlar Ə.Səfərovun 300 manat və 100 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirərək hadisə yerindən uzaqlaşıblar.

Hadisə barədə ərazi üzrə Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə məlumat daxil olan kimi cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb. Bölmə əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən İran İslam Respublikasının vətəndaşları Davud Mogəddəmi və Yosef Hadi saxlanılıblar. Onlar ifadələrinə bir müddət əvvəl Azərbaycana gəldiklərini və dələduzluq yolu ilə insanları aldadaraq pullarını keçirdiklərini etiraf ediblər.

Saxlanılan şəxslərin başqa vətəndaşlara qarşı da analoji cinayətlər etdikləri istisna olunmur. Odur ki, bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə, 012-445-02-02 və ya 012-445-22-22 telefon nömrələrinə zəng edərək müraciət edə bilərlər.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR