Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın şimal-qərb bürosuna verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Tülü kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş 46 yaşlı Xalid Bayramov saxlanılıb.
Onun üzərinə şəxsi axtarış keçirilən zaman cibindən 3 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan isə qara rəngli sellofan torbada 4 kq 555 qram qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.