Mingəçevir şəhər sakini Məcnun Məmmədovun “Şəfa” özəl tibbi diaqnostik klinikasının və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin həkimlərinin səhlənkarlığı ucbatından vəfat etməsi barədə mərhumun qardaşı Əhməd Məmmədovun müraciəti Mingəçevir şəhər prokurorluğunda araşdırılır.
Baş Prokurorluğun mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Baş prokuror araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi üçün diaqnostik klinikanın və Publik Hüquqi Şəxsin həkimləri tərəfindən Məclum Məmmədova düzgün diaqnoz qoyulub-qoyulmaması, aparılmış müayinələrin, habelə xəstəyə tibbi yardımın qoyulmuş diaqnoza uyğun aparılıb-aparılmamasının yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə müəyyənləşdirilməsi məqsədi ilə Səhiyyə nazirinə müraciət edib.
Qeyd edək ki, məlum hadisə ilə bağlı ilk xəbəri ONA yayıb. Həmin məlumatda qeyd olunurdu ki, Mingəçevirdə yerləşən "Şəfa" klinikasında müalicə alan, 1960-cı il təvəllüdlü Məcnun Məmmədov ölüb. Mərhumun qardaşı Əhməd Məmmədov şəhər Prokurorluğuna şikayət edərək qardaşının həkimlərin səhlənkarlığı nəticəsində öldüyünü bildirib.