"Vətən Müharibəsi başlayan gündən etibarən Ermənsitan hərbi-siyasi rəhbərliyinin, hərbçilərin törətdiyi cinayətlər Baş Prokurorluq tərəfindən rəsmiləşdirilib". APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.
K. Əliyev bildirib ki, prosessual qanunvericiliyin tələbinə uyğun olaraq cinayətlər sənədləşdirilib: "Bizim əlimizdə kifayət qədər sübut və dəlillər var. Birinci Qarabağ müharibəsindən cinayətlərin araşdırılması işləri də gedirdi. Bizdə Hərbi Prokurorluqda xüsusi istintaq şöbəsi mövcuddur. O şöbə yalnız Ermənistan tərəfindən Azərbaycan və Azərbaycan vətəndaşlarına qarşı törədilən cinayətlərin istintaqının aparılması ilə məşğuldur. Şöbədə işlər araşdırılır və sübutlar yığılır".
K. Əliyev qeyd edib ki, hazırda əldə olan sübut və dəlillər realizasiya edilir:
"Biz iki istiqamətdə işlərimizi qurmuşuq. Birincisi, cinayət törətmiş şəxslərin bizim tərəfimizdən beynəlxalq axtarışa verilməsi, onların saxlanılaraq ədalət məhkəməsinə cavab verməsinə nail olmaqdır. İkincisi isə beynəlxalq məhkəmələrdə Ermənistanın cinayətkar rəhbərliyinin, digər vəzifəli şəxsilərin məsuliyyətinə cəlb olunmasına nail olunmasıdır. Bununla bağlı Prezident tərəfindən imzalanan sərəncam əsasında komissiyalar yaradılıb. Məqsəd cinayət törədən şəxslərin məsuliyyətə cəlb olunması və onların kompensasiya ödənməsinə nail olmaqdır. Artıq Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət məhkəməsinə iddia ərizəsi verilib və icraata qəbul edilib. Bu il 18 oktyabrda iddiaya baxılacaq".