Azərbaycanda səfərdə olan Belarusun İstintaq Komitəsinin sədri İvan Noskeviçin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinin mədəni və tarixi abidələri ilə tanış olub.
Baş Prokurorluğun mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Heydər Əliyev Mərkəzinə gələn qonaqlara Mərkəz haqqında məlumat verilib. Bildirilib ki, Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil və mədəniyyətin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, ölkəmizin tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, regional və beynəlxalq konfrans və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir. Heydər Əliyev Mərkəzi ilə tanışlıq nümayəndə heyətinin üzvlərində zəngin təəssüratlar yaradıb.
Nümayəndə heyəti daha sonra 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə də tanış olub. Qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə məmur-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edən “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin etmək məqsədilə yaradılıb.
Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"in kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıb.