• HADİSƏ

    15:42 15 aprel 2019

Beynəlxalq Bankdan 15 milyon kredit götürüb qaytarmayan iş adamına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən Rauf Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R. Allahverdiyev 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, R.Allahverdiyev Rusiya Federasiyasında "Roma S Kompaniya A" şirkətini təsis edib. Bundan sonra o, şirkətin inkişafı məqsədi ilə maliyyə cəlb etməyə çalışıb. Məlumata görə, R.Allahverdiyev adını dəyişərək özünü Rail Yusifov kimi təqdim edib və Rusiyada Yelena Akturiçlə əlbir olub qanunsuz sənəd hazırlayaraq "Azərbaycan Beynəlxalq Bankı"nın Moskva filialından ayrı-ayrı vaxtlarda 866 566 manat, 338 000 manat, 3,4 milyon manat və s. olmaqla, ümumilikdə, 15 milyon manat pulu mənimsəyib. Götürülən pullar R.Allahverdiyevin təsis etdiyi "Roma S Kompaniya A" şirkətinin hesabına köçürülüb. Bundan başqa, o, Rusiya Federasiyası ərazisində cinayət törətdiyinə görə, istintaqdan gizlənmək məqsədi ilə Azərbaycana qanunsuz yolla qaçmağa cəhd edib. O, Quliyev Həsən Qulu oğlunun adına olan rəsmi sənəd hesab edilən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini saxtalaşdırıb. Lakin R.Allahverdiyev Qusar rayonunda yerləşən "Samur" Sərhəd Nəzarəti Məntəqəsində sənədi saxta olduğu üçün saxlanılıb. R.Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR