• HADİSƏ

    13:18 8 aprel 2019

Beynəlxalq Bankın sabiq baş direktoru Akif Əliyev məhkəmədə ifadə verib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ONA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elşən Məmmədzadə ifadə verib.

O deyib ki, hazırda Beynəlxalq Bankın Nağdsız Hesablaşmalar Departamentinin direktoru vəzifəsində çalışır. Şahid bəzi hallarda kreditlərin tapşırıqla ayrıldığını qeyd edib: "Həmin vaxt mən Kreditorlar Komitəsinin üzvü idim. Bizə tapşırıq verilmişdi ki, Dünyamin Xəlilova məxsus şirkətlərə, "Səbail Mebel" MMC-yə və digərlərinə kredit verək. Ancaq kreditlər müqavilə əsasında köçürülürdü, burada qanunsuz işlər görülmürdü. Bəzi hallarda kreditlərin verilməsində müəyyən pozuntular olurdu, mən bunun əleyhinə səs vermirdim. Çünki bu, rəhbərliyin tapşırığı idi. Bu barədə bizə əsasən Akif Əliyev göstəriş verirdi. O da deyirdi ki, rəhbərliyin sifarişidi, ancaq rəhbərlik deyərkən, konkret kimi nəzərdə tutduğunu bilmirəm".

Şahidin suallara qeyri-dəqiq cavab verməsi hakimin hiddətinə səbəb olub. Hakim elan edib ki, E. Məmmədzadə 1993-cü ildən, 18 yaşından bankda müxtəlif vəzifələrdə çalışıb: "26 il bankda işləməsinə baxmayaraq, o hələ də bankda Müşahidə Şurasının olmasını dəqiq bilmədiyini deyir".

Məlum olub ki, şahid ali təhsil almadan bankda mühüm vəzifələrdə çalışıb. Hakim şahiddən ali təhsili olmadığı halda kimin vasitəsilə işə düzəldiyini soruşduqda, E. Məmmədzadə suala cavab verə bilməyib.

Sonra digər şahid Fuad Kərimov ifadə verərək, 2013-cü ilin yanvarından 2015-ci ilədək bankın baş xəzinədarlıq departamentinin direktoru vəzifəsində çalışdığını deyib. Onun sözlərinə görə, işi əsasən bankda veksel əməliyyatları aparmaq olub: "Kurator Rəşad müəllim idi. Cahangir Hacıyev tərəfindən mənə hər hansı göstəriş verilməyib".

Prokuror şahiddən likvidiklik göstəricisinin aşağı olduğunu bildiyi halda bankın Moskva filialına pul köçürülməsi ilə bağlı qanunsuz qərara nə üçün imza atdığını soruşub. Şahid isə deyib ki, bu barədə müzakirələr onların iştirakı olmadan aparılıb: "Bu qərarın düzgün olmadığını bilirdim. Ancaq burada mənim rolum olmurdu. Çünki müzakirə edib, qərar verirdilər, biz də işi icraya yönəldirdik".

Məhkəmədə iş üzrə əsas şahid Akif Əliyev də ifadə verib. O deyib ki, 1990-cı ildən 2017-ci ilədək bankda müxtəlif vəzifələrdə, 2001-ci ildən 2011-ci ilə kimi Kredit Komitəsinin sədri, 2011-2015-ci illərdə bankın baş direktoru, daha sonra Problemli Kreditlər komitəsinin sədri vəzifəsində çalışıb, hazırda işsizdir. O deyib ki, kredit komitəsində çalışarkən ən yüksək limit 2 milyon 400 min manat olub: "Bu məbləğdən yuxarı pul verilməyib".

Sonra şahid sualları cavablandırıb. Şahid deyib ki, kreditlər idarə heyəti sədrinin sərəncamı ilə verilirdi: "Bank müxtəlif layihələri maliyyələşdirirdi. Layihələrin əksəriyyətinə Dünyamin müəllim nəzarət edirdi. O, şirkətlərinə kredit verilməsi üçün bizə müraciət edirdi. Cahangir müəllim də deyirdi ki, Dünyamin Xəlilovun belə bir layihəsi var, maliyyələşdirin. Biz də tapşırığı icra edirdik".

Etibar

Teqlər:

SON XƏBƏRLƏR