2015-ci il mayın 19-da Azadlıq prospektindəki binada 15 nəfərin ölümü ilə nəticələnən yanğına görə təqsirləndirilən şəxslərdən daha biri “Global Stone” şirkətinin direktor müavini Ələkbər Əsgərov azadlığa çıxıb.
ONA-nın məlumatına görə, müvafiq məhkəmənin qərarı ilə Ə.Əsgərov cəzasının bir hissəsinin çəkməkdən azad olunub.
Xatırladaq ki, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov da azadlığa buraxılıb.
Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Mahmudov 8 il, Ə.Əsgərov 4 il, U.Bəşirov 5 il, Qəzənfər Novruzov 4 il, Ə.Rəcəbov 4 il, N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. A.Məmmədovla A.Əlibəyovun barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhrum etmə) maddəsi tətbiq olunub və onlara şərti cəza verilib.