Bozdağın ətəklərində yuyulmuş və qazılmış torpağın altından qədim insanların skeletləri üzə çıxıb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə skeletlər şəhərin Bağlar yaşayış massivi ilə Bozdağ silsiləsi arasındakı ərazidə aşkarlanıb. Skeletləri ilk olaraq ərazidə heyvandarlıq və kənd təsərrüfatı işləri ilə məşğul olan şəhər sakini Azər İbrahimov aşkarlayıb. A. İbrahimov ONA-ya açıqlamasında bunun ərazidə rastlaşdığı ilk hadisə olmadığını deyib. O, dağın ətəyində skeletlərin üzə çıxmasını ərazinin qədim yaşayış məskəni olması ilə əlaqələndirib: “Ərazidə aparılan qazma işləri və zaman-zaman yağış suları ilə yuyulma nəticəsində torpağın altındakı skeletlər üzə çıxıb. İlk dəfə iki insan başının skeleti göründü. Skeletin bədən hissəsini isə yuyulmuş yamacın torpaq qatı altında asanlıqla müşahidə etmək olar”.
A. İbrahimovun sözlərinə görə, təsərrüfat işləri ilə məşğul olduqları bu ərazidə vaxtaşırı qədim misgərlik əşyalarına, küpələrə və digər məmulatlara rast gəlinir. Belə iri küpələrdən biri də təsadüfən qamışlıq sahənin təmizlənməsi zamanı torpaq altından çıxarılıb. Eyni zamanda küpənin tapıldığı ərazinin yaxınlığında üzərində ərəb əlifbası ilə yazı olan yarımçıq qəbirüstü daş aşkarlanıb. Həmin daşı A. İbrahimov şəhərdəki Tarix Muzeyinə verib.
Qeyd edək ki, belə əşyalara ərazidə kifayət qədər rast gəlmək olur. Yerli çobanlar dəfələrlə otlaq və təsərrüfat sahəsi kimi istifadə olunan bu ərazidə üzərində müxtəılif cizgilər həkk olunmuş misgərlik nümunələrinə rast gəldiklərini deyirlər.
A. İbrahimov başqa bir maraqlı faktın əraziyə yaxın dağ yamacındakı yarğanda qədim heyvan sümüklərinin qalıqlarının aşkarlanması olduğunu söyləyib.
Onun sözlərinə görə, yağıntılar və torpağın yuyulması nəticəsində insan sümükləri kimi, müxtəlif ölçüdə heyvan sümükləri də torpağın üzünə çıxıb.
Ehtiram Muradov