Daxili İşlər Nazirliyində (DİN) 2019-cu ilin 6 ayında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
DİN-in mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü ərəfəsində bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsini daxili işlər orqanlarına yüksək etimadın növbəti əyani ifadəsi olduğunu vurğulayıb.
Cari ilin birinci yarısında respublikada cinayətkarlıqla mübarizənin və ictimai təhlükəsizliyin təmin olunmasının vəziyyətindən danışan cənab nazir bu sahədə əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin bir çox istiqamətlər üzrə inkişaf etdiyini, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunduğunu, kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər orqanlarının qarşısında duran vəzifələrin bütövlükdə yerinə yetirildiyini bildirib.
V. Eyvazov deyib ki, ötən 6 ayda mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 424 kriminal qrup zərərsizləşdirilib.
Nazir, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, qeyri-leqal dövriyyədən bütövlükdə 810 kiloqram narkotik vasitənin çıxarıldığını və 74 tona yaxın narkotik xassəli bitkinin aşkarlanaraq məhv edildiyini bildirib.
V. Eyvazov vurğulayıb ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu proqram vəzifələri cari ilin birinci yarısında da yerinə yetirilib.
Onun sözlərinə görə, nazirliyin rəhbərliyi tərəfindən 2749, o cümlədən respublikanın ayrı-ayrı şəhər və rayonlarında 680 vətəndaşın qəbulu həyata keçirilib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyəti öz müsbət həllini tapıb.
V. Eyvazov çıxışında bu ilin 6 ayı ərzində daxili işlər və prokurorluq orqanları üzrə 12 411 cinayət qeydə alındığını da açıqlayıb. Nazir bildirib ki, bu cinayətlərin 88,5 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.
Nazir, qəsdən adam öldürməyə cəhd cinayətlərinin 12,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların 4,1 faiz, mülkiyyət əleyhinə olan cinayətlərin 8,1 faiz, xuliqanlıqların 25,1 faiz, ictimai yerlərdə baş vermiş cinayətlərin 35 faiz azaldığını, həmçinin cinayətlərin açılmasının yüksək olmaqla 83,1 faiz təşkil etdiyini, məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayınan 1852 təqsirləndirilən şəxsin tutulduğunu vurğulayıb. Bildirib ki, ötən ilin 6 ayı ilə müqayisədə cari ilin müvafiq dövründə ağır və xüsusilə ağır, şəxsiyyət əleyhinə olan cinayətlərin sayı azalıb, onlardan qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, dələduzluqların, soyğunçuluqların açılması xeyli yaxşılaşıb, keçmiş illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib.
Məruzə ətrafında çıxış edən Naxçıvan MR-in Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov və digərləri görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsanlar və onların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlər barədə məlumat veriblər.
İclasa yekun vuran nazir V.Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiklərini, eləcə də digər hüquq mühafizə orqanları ilə birlikdə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin uğurla davam etdirildiyini bildirib.
Sonra Azərbaycan Polisinin 101 illik yubileyi münasibətilə təltif olunmuş bir qrup polis əməkdaşına dövlət mükafatlarının təqdim edilməsinə həsr olunmuş mərasim keçirilib.