Bu gün Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən keçmiş "İnter" Peşəkar Futbol Klubunun (indiki "Keşlə") və Beynəlxalq Bankın mühasibat uçotu və nəzarət departamentinin keçmiş rəhbəri Rəşad Qasımov deyib ki, Kredit Komitəsinin üzvü olsa da, iclaslarda iştirak etməyib: "Sonda qərarlara qol çəkmişəm. Vəzifəmlə bağlı işlərim çox idi. Ona görə də iclaslara qatılmırdım".
R.Qasımovun sözlərinə görə, Beynəlxalq Bankın mühasibatlığına nəzarət edib: "Mən bankdan kredit götürən şirkətlərin işi ilə bağlı maraqlanmırdım. Bu, mənim işim də deyildi. Kredit ayrılan şirkət rəhbərlərini belə tanımırdım".
O qeyd edib ki, "İnter" klubunun rəhbəri olduğu dövrlərdə Beynəlxalq Bankdan sosial layihə ilə bağlı kredit götürülməyib. "Buta Kitchn" üçün bankdan 163 milyon ABŞ dolları məbləğində akreditlər açılıb: "Kredit Komitəsinin iclasında Emin Mustafayev dedi ki, bankın rəhbəri Cahangir Hacıyevin göstərişi ilə "Buta Kitchn" üçün kredit ayrılmalıdır. Cahangir müəllim bildirib ki, bu kreditin açılması ilə bağlı banka heç bir ziyan dəyməyəcək".
Bankın Korporativ Müştərilərlə İş departamentinin baş direktoru Fuad İslamov isə ifadəsində həm də kredit komitəsinin üzvü olduğunu və ayrılan kreditlərə bank rəhbərliyinin göstərişi ilə imza atdığını deyib.
Proses aprelin 29-da davam etdiriləcək.
Qeyd edək ki, 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına, C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurduğu üzə çıxıb. İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.