Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində rayon sakinindən 14 kiloqramdan artıq narkotik vasitə götürülüb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ONA-nın cənub bürosuna verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Ədil Baxşiyev saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 1 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Ə.Baxşiyevin rayonun Uzuntəpə kəndində yerləşən evinə və həyətindəki yarımtikiliyə keçirilən baxış zamanı isə oradan 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Tural Kərimov