Cəlilabadda narkotik alverçiləri ilə polis arasında insident olub.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarına narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərlə bağlı məlumat daxil olub. Həmin şəxslərin olduğu avtomobil Yardımlı-Cəlilabad yolunda saxlanılan zaman sürücü avtomobili saxlamayaraq oradan uzaqlaşıb. Daha sonra onlar ərazidə olan dövlət yol polisi bölməsinin əməkdaşlarının “saxla” əmrinə tabe olmayaraq yol patrul xidməti avtomobilinin sağ yan güzgüsünü qıraraq hadisə yerindən uzaqlaşmaq istəyiblər. Bu zaman RPŞ-nin cinayət axtarış bölməsinin əməkdaşları havaya xəbərdarlıq atəşi açmaq məcburiyyətində qalıb. Bundan sonra həmin şəxslər avtomobili saxlayıblar.
Araşdırma zamanı onların - Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Mirkərim Seyidov, Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Tərlan Behbudov, Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Sadıqov və Cəbrayıl rayon sakini Anar Məmmədov olduğu müəyyən edilib. Adıçəkilən şəxslərdən bir ədəd sellofan bükülüdə heroinə bənzər kütlə və siqaret qutusunda olan metamfetaminə bənzər kütlə aşkarlanaraq götürülüb.
Polisin əməliyyatı zamanı havaya atəş açılarkən oradan keçən digər “Hyundai” markalı avtomobildə olan Sabirabad rayonunun Əlicanlı kənd sakini Səraslan Bağırzadə atəşin ona açıldığını zənn edərək pnevmatik tapançadan havaya bir neçə dəfə atəş açaraq oradan uzaqlaşıb. Lakin havanın dumanlı olması səbəbindən sərt döngədə idarəetməni itirərək avtomobili aşırıb.
Hazırda faktla bağlı araşdırma aparılır.