Astara gömrük postunda psixotrop maddələr keçirən şəxs tutulub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində - düz bağırsağında şəffaf sellofana bükülü 4 ədəd bağlama və həmin bağlamalardan birinin içərisində 4 ədəd büküm tapılıb. Baxış zamanı 3 ədəd bağlamada və 1 ədəd bükümdə qablaşdırılması ilə birlikdə çəkisi 183 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 2 ədəd bükümdə çəkisi 1,47 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə-metamfetamin və 1 ədəd bükümdə isə 6 ədəd qəhvəyi rəngli, bir xətli, yumru formalı, üzərində "M 40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkarlanıb.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na, metadon adlı preparat isə "Azərbaycan ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.