• HADİSƏ

    11:37 27 fevral 2019

DİM-in şikayəti əsasında həbs edilən şəxslərin cinayət işi üzrə istintaq yekunlaşıb

Azərbaycana pirat dərs vəsaitləri gətirməkdə ittiham edilən Şahmar Abdullayev, Şirzad Abdullayev, Faiq Məmmədov, Xanlar Qocayev, Fəzail Qocayev, Musurza Aslanov və Səfər Dünyamalıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, cinayət işi materialları ilə tanışlıq mərhələsindən sonra iş aidiyyəti üzrə məhkəməyə göndəriləcək.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən daxil olmuş müraciət əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarələrinin həyata keçirdikləri birgə istintaq-əməliyyat tədbirləri nəticəsində özgənin əmtəə nişanından qanunsuz istifadə etməklə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda pirat dərs vəsaitləri gətirərək satışını təşkil edən mütəşəkkil dəstə üzvlərinin qanunazidd əməlləri ifşa edilib.

Başlanmış cinayət işi üzrə keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə etməklə orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda ölkə hüdudlarından kənarda nəşr olunaraq həmin məhsulların Azərbaycan Respublikasının gömrük nəzarətindən düzgün bəyan etməməklə keçirilməsi və respublika ərazisində satışının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edildiyindən Şahmar Abdullayevə, Şirzad Abdullayevə, Faiq Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR