Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən insidentlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, mayın 13-də saat 23 radələrində Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində bir qrup şəxsin ictimai asayişi pozan xuliqanlıq hərəkətləri etmələri barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal hadisə yerinə çıxan Polis Şöbəsinin əməkdaşları tərəfindən onlardan 5 nəfəri saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxslərin Bakı şəhər sakinləri İsa Əzizov, Samir Binnətəliyev, Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədli olduqları müəyyən edilib.
Onlardan 1 ədəd “Vinçester” markalı tüfəng, 2 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd elektroşoker götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.
Hadisənin digər iştirakçılarının da tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, mətbuatın yaydığı xəbərə görə, hadisənin iştirakçılarından olan İ.Əzizov Ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin qohumudur.